Azərbaycan Respublikası Mərkəzi Bankı
        Naxçıvan Muxtar Respublikası İdarəsi

  • Ünvanı: Naxçıvan şəhəri C.Məmmədquluzadə-32
  • Saytın ünvanı: www.cbar.nakhchivan.az
  • Email ünvani: mb@nakhchivan.az
  • Telefon(faks): 550-59-11 550-59-12 550-59-13


 

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın “inklüziv” inkişafa, sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. 2013-cü il, son 10 ili əhatə edən parlaq quruculuq və inkişaf dövrünü uğurla tamamlamaqdadır. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş ölkə iqtisadiyyatı son 5 ildə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində də uğurla inkişaf etməkdə davam edir. Aparıcı ölkələr hələ də böhran qarşıdurması problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir. 2013-cü ildə Mərkəzi Bank öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldərək aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olmuş, ölkədə maliyyə vasitəçiliyi genişlənmiş və şaxələnmişdir. 2014-cü ildə də ölkədə iqtisadi artım və inkişaf proseslərinin dəyişkən qlobal konyunktur, yüksək daxili iqtisadi fəallıq şəraitində davam edəcəyi gözlənilir. Mərkəzi Bank özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaqdır. Növbəti ildə Mərkəzi Bank ölkədə makroiqtisadi sabitliyə, bank sektorunda maliyyə dayanıqılığı və sabitliyinin qorunmasına, habelə maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmiş siyasətini davam etdirəcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

1. 2013-cü ildə Mərkəzi Bankın fəaliyyəti.

2013-cü ildə Mərkəzi Bank bütövlükdə, qanunla müəyyən olunmuş mandatı üzrə məqsəd və funksiyaların icrasını təmin etmişdir. Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi Bank iqtisadiyyatın tarazlı inkişafının mühüm şərti olan makroiqtisadi sabitliyi qorumuş, iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə etmişdir. Eyni zamanda bank sektorunda riskləri və izafi hərarətlənməni tənzimləmək üçün maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunmuşdur. İqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin cari ildə iqtisadi siyasətinin həyata keçirilməsində fəal iştirak etmişdir. Öz vəzifə və funksiyalarını daha effektiv həyata keçirmək üçün 2013-cü ildə Mərkəzi Bankda institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihələr həyata keçirilmişdir.

1.1. Qlobal iqtisadi şərait.

2013-cü ildə qlobal iqtisadi artım gözləniləndən aşağı olmuş və dünyanın müxtəlif regionları fərqli artım templərini nümayiş etdirmişdir. Dünya iqtisadiyyatında yenidən tarazlaşma prosesi davam etmiş, yüksək borc yükünə malik ölkələrdə iqtisadi artım mənbələrinin dövlət və özəl sektor arasında balanslaşmasına yönəlmiş struktur siyasətlər həyata keçirilmişdir.ABŞ, Avrozona və digər aparıcı iqtisadi güc mərkəzlərində sərtləşən büdcə siyasəti qlobal iqtisadi artıma əhəmiyyətli təsir etmişdir. Fiskal konsolidasiya tədbirləri ciddi borc və kəsir problemini aradan qaldırmaqla büdcə dayanıqlığının artırılmasına yönəlmişdir. Vergi siyasətləri isə vergi yükünün istehsaldan istehlak üzərinə keçirilməsinə istiqamətlənmişdir. Bununla belə, dövlət xərclərinin əhəmiyyətli azalmasının iqtisadi artım və məşğulluğa məhdudlaşdırıcı təsirini aradan qaldırmaq üçün 2013-cü ildə əksər ölkələrdə mərkəzi banklar pul siyasətini yumşaltmışlar.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

Bir sıra ölkələrin mərkəzi bankları öz siyasətlərini işsizliyin azalmasından asılı olaraq dəyişəcəyini bəyan etmişlər. Cari ildə nəzərdən keçirilmiş 64 ölkənin 54-də mərkəzi banklar başlıca faiz dərəcəsini azaltmışlar. Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə müxtəlif valyutalar üzrə LİBOR dərəcəsinin ötən illə müqayisədə 0.1-0.3% aşağı olacağını proqnozlaşdırır.Lakin, yumşaq pul siyasətləri heç də bütün ölkələrdə kredit təklifinin artması ilə müşayiət olunmur. Aparıcı ölkələrin maliyyə-bank sektorlarında zəifliklər və struktur problemlər hələ də qalmaqdadır. Bununla yanaşı, özəl sektorun fəallaşmasına yönəlmiş struktur transformasiyanın ləng getməsi maliyyə institutlarının kredit aktivliyinin bərpası proseslərinə mənfi təsir edir. Baş verən prosesləri nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu (BVF) il ərzində bir neçə dəfə qlobal artım proqnozlarına təshihlər etmişdir. Fondun son proqnozuna görə 2013-cü ildə qlobal iqtisadi artımın 2.9% olacağı gözlənilir ki, bu da 2012-ci illə müqayisədə 0.2 faiz bəndi aşağıdır. Bu azalma inkişaf etməkdə olan ölkələr üzrə artım tempinin zəifləməsi ilə əlaqədardır. İlin sonuna 28 ölkədə ümumi daxili məhsulun böhran öncəsi səviyyədə bərpa olunmayacağı gözlənilir.Qlobal məcmu tələbin məhdulaşması, daxili və xarici şoklara qarşı həssaslıq, kapital axınlarının dəyişkənliyi bir sıra inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım perspektivlərini pisləşdirmişdir. Bu şəraitdə qlobal iqtisadi artımın mühüm amillərindən biri olan qlobal ticarətin həcminin artım proqnozu da cari il üçün 0.2% bəndi azaldılmışdır (2.9%).Dünyada iqtisadi artımın mövcud tempi məşğulluğun yüksəlməsinə kifayət etmir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə hazırda dünyada 73 milyonu gənclər olmaqla 200 milyon nəfərdən çox işsiz vardır. Məşğulluğun böhrandan əvvəlki səviyyəyə çatmasının 2015-ci ildən sonra baş verəcəyi gözlənilir. Aparıcı ölkələrdə iqisadi artımda problemlər, yumşaq pul siyasətləri və aşağı faiz dərəcələri şəraitində qlobal maliyyə və investisiya axınlarının inkişaf edən ölkələrə doğru istiqamətlənməsi prosesləri sürətlənir. Qlobal investisiya axınlarını qəbul edən ölkələr arasında Asiya regionu mühüm paya malikdir.Cari ilin sonuna qlobal birbaşa xarici investisiya axınlarının 7% artaraq 1.5 trln. ABŞ dollarına çatacağı proqnozlaşdırılır ki, bu da böhran öncəki səviyyədən (2 trln. ABŞ dolları) hələ də aşağıdır. Qlobal maliyyə və investisiya axınlarının bundan sonrakı artımı və coğrafi istiqamətləri inkişaf etmiş ölkələrdə pul siyasətlərinin nə dərəcədə uzunmüddətli olmağından asılıdır. Qlobal məcmu tələbin məhdudluğu şəraitində 2013-cü ilin 11 ayında qlobal əmtəə qiymətləri 1.6%, ərzaq qiymətləri 6.6%, neftin orta qiyməti (110 ABŞ dolları) isə 3% azalmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

1.2. Azərbaycanda iqtisadi inkişaf prosesləri.

İQTİSADİ ARTIM.

2013-cü ildə məcmu daxili tələb yüksək səviyyədə qalmış, bu şəraitdə iqtisadi artım başlıca olaraq qeyri-neft sektoru hesabına davam etmişdir. Cari ilin 11 ayında real ÜDM 5.7%, o cümlədən qeyri-neft sektorunda 9.5% artmışdır. Ökədə iqtisadi artım tempi dünya (3.6%) və MDB (3.4%) üzrə orta artım tempini üstələyir. Azərbaycan 70 mlrd. ABŞ dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələnmə siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 56%-ə yüksəlmişdir. 2013-cü ildə iqtisadi artıma daxili tələbin bütün elementləri müsbət təsir etmişdir. Cari ildə dövlət büdcəsi xərclərinin 10% artması daxili tələbi yüksəldən əsas amillərdən olmuşdur. Əhalinin son istehlak xərcləri isə dövr ərzində 15% artmışdır. Şaxələnməyə təkan verən investisiyalar 11 ayda 15%, o cümlədən qeyri-neft sektoruna 8% artmışdır. İnvestisiyaların 70%-indən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Mərkəzi Bankın real sektor müəssissələri və ev təsərrüfatları arasında apardığı sorğuya görə Biznes və İstehlakçı İnam İndeksləri yüksək səviyyədə qalmaqdadır. Bu meyl şirkətlərin satışlarının, yeni mal və xidmət sifarişlərinin artması, müəssisələrin və əhalinin nikbin gözləntiləri ilə bağlıdır. Daşınmaz əmlak bazarında qiymətlərin qlobal böhran öncəsi səviyyəyə yaxınlaşması da iqtisadi aktivlik və gəlir səviyyəsinin davamlı yüksəlməsini göstərir.

XARİCİ İQTİSADİ MÖVQE.

2013-cü ildə qeyri-sabit qlobal iqtisadi mühitdə Azərbaycanın əlverişli xarici mövqeyi qorunmuş, qeyri-xammal ixracının genişlənməsi davam etmiş, ölkəyə investisiya axınları sürətlənmiş və valyuta ehtiyatları daha da artmışdır.Cari əməliyyatlar balansındakı profisitin Ümumi Daxili Məhsuldakı (ÜDM) nisbətinə görə (15%-dən çox) Azərbaycan MDB-də lider olaraq qalır. Ötən 11 ayda xarici ticarət balansının profisiti 12.3 mlrd. ABŞ dolları olmuş, ixrac idxalı 2.3 dəfə üstələmişdir. İqtisadiyyata qoyulan xarici investisiyaların həcmində artım cari ilin 11 ayında 31.2% təşkil etmişdir. Tədiyə balansının profisiti şəraitində strateji valyuta ehtiyatları cari ilin 11 ayında 8.5% artaraq 50 mlrd. ABŞ dollarını ötmüşdür. Bu ehtiyatların ÜDM-ə nisbətinə görə ölkə dünyada ilk 20-likdəki yerini saxlamışdır. Mərkəzi Bankın valyuta ehtiyatları isə 18% artaraq 14 mlrd. ABŞ dollarına yaxınlaşmışdır. Valyuta ehtiyatlarının artması ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyinin yaxşılaşması ilə müşaiyət olunur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

SOSİAL RİFAH.

Qeyri-neft sektorunda yüksək iqtisadi fəallıq məşğulluğa da müsbət təsir göstərir. Cari ildə ölkədə 80 mindən çox yeni iş yeri açılmışdır ki, onun da 75%-i daimi iş yerləridir. Yeni yaradılan iş yerlərinin 73%-i regionların payına düşür. Hazırda Azərbaycanda işsizlik qabaqcıl ölkələr üçün arzu olunan səviyyədə – 5%-ə yaxındır.Cari ilin 11 ayında ölkədə orta aylıq əmək haqqı 6.8%, adambaşına pul gəlirləri 6.5% artmışdır. Əhalinin pul gəlirlərinin 1/5-dən çoxu yığıma yönəldilmişdir. Ölkədə yoxsulluq səviyyəsi 6%-dən azdır. Dinamik inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşır. Son Qlobal Rəqabətlik Hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə yüksəlmişdir. O cümlədən makroiqtisadi sabitlik və dayanıqlıq üzrə ölkə 10 pillə irəliləyərək dünyada 8-ci yerə qalxmışdır.

1.3. Pul siyasətinin həyata keçirilməsi.

İNFLYASİYA.

2013-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiyanın səviyyəsi qoyulmuş hədəf çərçivəsində saxlanılmışdır. Dünya İqtisadi Forumuna görə Azərbaycan dünyada ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Qeyri-neft sektorunda ikirəqəmli artım, yüksək istehlak və investisiya tələbinə baxmayaraq, 2013-cü ilin 11 ayında orta illik inflyasiya cəmi 2.3% təşkil etmişdir. Dünya ərzaq qiymətlərində artımın səngiməsi, pul təklifinin məqbul templi artımı və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə qalmasında mühüm amillərdir. Yerli istehsal hesabına ölkədə ərzaqla təminat səviyyəsinin yüksəlməsi də qiymətlərə sabitləşdirici təsir göstərir. İstehlak səbətində əhəmiyyətli paya malik ərzaq malları üzrə inflyasiya cəmi 2.2% olmuşdur. Orta illik baza inflyasiyası nın (0.7%) ümumi inflyasiyadan 1.6 faiz bəndi aşağı olması onu göstərir ki, qiymət artımında monetar amillərin rolu aşağıdır. Cari ilin dekabr ayında Tarif Şurasının bəzi məhsulların tariflərinə etdiyi dəyişikliklərə baxmayaraq, 2013-cü ilin sonuna orta illik inflyasiyanın proqnoz çərçivəsində qalacağı gözlənilir. Son bir ildə ölkənin xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya daxili inflyasiyadan 2 faiz bəndi yüksək olmuşdur. İlin sonuna daxili inflyasiyanın MDB, inkişaf etməkdə olan ölkələr və dünya üzrə gözlənilən orta inflyasiya templərindən aşağı olacağı proqnozlaşdırılır. Məzənnənin sabitliyi şəraitində inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya ilə müqayisədə aşağı olması qeyri-neft sektorunun rəqabət (qiymət) üstünlüyünün qorunmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

MƏZƏNNƏ SİYASƏTİ.

Dövr ərzində manatın məzənnəsi tədiyə balansında əhəmiyyətli profisitin qalması şəraitində və Mərkəzi Bankın məqsədyönlü məzənnə siyasətinin təsiri altında formalaşmışdır. 2013-cü ildə də Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirmişdir. Tədiyə balansının əhəmiyyətli profisiti və artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün fəal istifadə olunması şəraitində Mərkəzi Bank manatın daha yüksək templə bahalaşmasına yol verməmişdir. Bu məqsədlə valyuta bazarından 2.1 mlrd.ABŞ dolları həcmində xarici valyuta alınmışdır. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0.08% möhkəmlənmişdir. Məzənnənin sabitliyi makroiqtisadi və maliyyə sabitliyinə, habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir edən mühüm amillərdən biri olmuşdur. Öz sabitliyini qoruyan manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır və sərhədyanı ticarətdə fəal istifadə edilir.

PUL TƏKLİFİ.

Aşağı inflyasiya və qeyri-neft sektorunda yüksək iqtisadi artım şəraitində Mərkəzi Bank 2013-cü ildə pul siyasətini ümumən neytral saxlamışdır. 2013-cü ildə pul siyasəti yüksək daxili tələb və inflyasiya arasında manevr etmişdir. İnflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft iqtisadi artımını dəstəkləmək üçün Mərkəzi Bank ilin əvvəlində uçot dərəcəsini 5%-dən 4.75%-ə endirmişdir. Pul kütləsi və bank likvidliyinin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatları və məcburi ehtiyat normalarından da istifadə olunmuşdur. Pul siyasəti qərarları bank sektorunda faiz dərəcələrinə təsir göstərən amillərdən biri olmuşdur. Geniş pul kütləsi (M3) 11 ayda 9% artmış, onun strukturunda müsbət meyillər davam etmişdir. Dövr ərzində qeyri-nağd pul kütləsi 12.2% artmış, dollarlaşma göstəricisi (xarici valyuta ilə əmanət və depozitlərin geniş pul kütləsində xüsusi çəkisi) 1 faiz bəndi azalmışdır. Monetar idarəetmənin institusional bazasının inkişafı il ərzində adekvat qərarların qəbuluna müsbət təsir göstərmişdir. Pul və maliyyə sabitliyi siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, o cümlədən daha çevik məzənnə siyasətinin tətbiqi şərtləri mütəmadi araşdırılmış, pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülüyü mexanizmini qiymətləndirməyə imkan verən tədqiqat bazası dərinləşdirilmişdir. İqtisadi artım, inflyasiya və məşğulluğun qiymətləndirilməsi və proqnozlaşdırılmasına imkan verən ekonometrik təhlil və simulyasiya vasitələri inkişaf etdirilmişdir. Maliyyə sabitliyinin qiymətləndirilməsi üzrə stress-testlər daha da təkmilləşdirilmişdir. Elektron statistika və analitik hesabatlıq sisteminin (ESAHS) tam istifadəyə verilməsilə statistik hesabatların qəbulu, avtomatlaşdırılmış emalı, daxili və xarici istifadəçilərə elektron formatda yayımlanması təmin olunmuşdur. Real sektorun 400-dək müəssisəsini və 4000-dən çox ev təsərrüfatını əhatə edən konyuktur monitorinqləri aparılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

1.4. Maliyyə sabitliyinin qorunması.

PRUDENSİAL SİYASƏT.

2013-cü ildə Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sistemdə risklərin minimallaşdırılması və idarəetmə potensialının gücləndirilməsi, sektorun dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirmişdir. Risk əsaslı prudensial nəzarət çərçivəsi əhəmiyyətli gücləndirilmişdir. Bazel-III standartlarını nəzərə almaqla yeni nəzarət çərçivəsinin formalaşması və maliyyə sabitliyinin qorunmasını təmin edən nəzarət rejiminin tətbiqi davam etdirilmişdir. Bank nəzarəti alətlərinin təkmilləşdirilməsi, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin olunması üçün Mərkəzi Bankda “Risk-əsaslı bank nəzarətinin” yeni konseptual çərçivəsi hazırlanmışdır. Mərkəzi Bank tərəfindən banklarda korporativ idarəetmənin hüquqi bazasının təkmilləşdirilməsi, risk idarəetməsinin müasir çağırışlara uyğunlaşdırılması, əməliyyat risklərinin kapital tələbi ilə əhatəsi istiqamətində məqsədyönlü işlər aparılmışdır. Bankların kapitalının minimum məbləğinin 50 mln. manatadək artırılması barədə Mərkəzi Bankın 25 iyul 2012-ci il tarixli qərarı sistemdə kapitalizasiya proseslərini sürətləndirmişdir. Qərarın qəbulundan ötən 16 ay ərzində məcmu bank kapitalı 57% və ya 1.2 mlrd. manat artmış, kapitalı 100 milyon manatdan çox olan özəl bankların sayı 3-dən 8-ə yüksəlmişdir. Hazırda sistemin aktivlərinin və əhali əmanətlərinin 95%-dən çoxuna malik bankların kapitalı 50 mln. manatı ötür.Bununla yanaşı, sektorun aktivlərində 5% paya malik banklar tərəfindən kapital tələbinin icrası üçün əlavə vaxt tələb olunur. Bunu nəzərə alaraq, habelə maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bank banklara məcmu kapitalın 50 mln. manata çatdırılması üçün 01 yanvar 2015-ci ilədək möhlət vermişdir. İl ərzində bankların daxili maliyyə dayanıqlığı potensialı artmış, problemli aktivlərlə iş sahəsində əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Bank sisteminə etimadın artırılması üçün maliyyə xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sistemi daha da gücləndirilmiş, elektron imzanın tətbiqi ilə əhali və sahibkarların şəxsi kreditlərilə bağlı məlumatlara çıxışı asanlaşdırılmışdır. Əhalinin maliyyə maarifləndirilməsi sahəsində xüsusi layihə çərçivəsində banklar, beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birgə silsilə tədbirlər həyata keçirilmişdir. Müxtəlif hədəf qrupları üçün maliyyə biliklərinin artırılması istiqamətində təlimlər davam etdirilmiş, xüsusi nəşr məhsulları hazırlanaraq yayımlanmışdır. Eyni zamanda maliyyə savadının artırılmasının müasir intellektual vasitələri inkişaf etdirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

BANK SİSTEMİNİN DAYANIQLIĞI.

Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas almışdır. Cari ilin ötən dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilmiş, elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötmüşdür. Büdcəyə ödənişlərin real vaxt rejimində elektron əsasda aparılması üçün Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin bazasında yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət qurumlarının sayı əhəmiyyətli artmışdır. Kommunal xidmət haqları ilə yanaşı dövlət ödənişlərinin də 1200-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də internet və bankomatlar vasitəsilə nağdsız həyata keçirilməsi imkanı yaradılmışdır. 2013-cü ilin ötən dövründə kart infrastrukturunun inkişafı sürətlənmiş, ödəniş kartlarının sayı 5.5 mln. ədədə çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayında 9%, bankomatların sayında 8%, POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1.8 dəfə artım olmuşdur. Ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi üçün cari ildə aidiyyatı dövlət qurumları ilə birgə təkliflər paketi hazırlanmışdır. Bu təkliflər nağdsız ödənişlər üçün stimulların artırılmasına yönəlmişdir. Nağdsız ödənişlərin həcminin genişlənməsi bank sektorunun resurs bazasının və iqtisadiyyata kredit təklifinin artmasında, kredit resurslarının dəyərinin azalmasında və qeyri-neft sektorunda investisiya fəallığının güclənməsində strateji amillərdən biridir. Cari ildə həmçinin nağd pulun səmərəli idarə edilməsi üçün Mərkəzi Bank tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin (“Cash Center”) yaradılması layihəsinin icrasını davam etdirmişdir. 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri. Mərkəzi Bank 2014-cü ildə pul və maliyyə sabitliyi siyasətini uzunmüddətli iqtisadi inkişaf hədəflərini və həmçinin növbəti ilin makroiqtisadi xüsusiyyətlərini nəzərə almaqla həyata keçirəcəkdir. İqtisadiyyatın şaxələnməsinin və yüksək iqtisadı artımın sosial rifaha transformasiyasının fundamental şərtlərindən biri makroiqtisadi və maliyyə sabitliyi, habelə “maliyyə inklüzivliyi”- maliyyə resurslarına geniş çıxış imkanlarının təmin olunmasıdır. Bu hədəfləri əsas götürərək Mərkəzi Bank 2014-cü il daxil olmaqla orta müddətli dövrdə çevik pul və məzənnə siyasəti yürüdəcək, siyasət çərçivəsinin, o cümlədən məzənnə rejiminin təkmilləşdirilməsini diqqət mərkəzində saxlayacaqdır. 2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri antiinflyasiya tədbirlərini həyata keçirəcəkdir. Antiinflyasiya siyasəti yürüdülərkən inflyasiyanın tələb və xərc amilləri diqqətdə saxlanacaqdır. Pul siyasətinin makroiqtisadi siyasətlə koordinasiyası çərçivəsinin daha da inkişaf etməsi, monetar idarəetmənin empirik əsaslarının gücləndirilməsinə xüsusi diqqət veriləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

MALİYYƏ İNFRASTRUKTURU.

2013-cü ildə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunmuş, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalmışdır. Bazel-III standartlarına adaptasiya banklarda yüksək maliyyə ehtiyatlanması və risk buferləri yaratmışdır. Sektorun kapitalın adekvatlığı göstəricisi 12%-lik normaya qarşı 17.6% təşkil edir ki, bu da beynəlxalq standartlar üzrə tələbi 2 dəfəyədək üstələyir. Sistemin likvidliyi yüksəkdir, bankların öhdəlikləri və hesablaşmaların icrası fasiləsiz həyata keçirilir. 11 ayın nəticələrinə görə bank sektorunda ani likvidlik göstəricisi minimal tələbi 2 dəfəyədək üstələyir. Hazırda real sektorun və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının xüsusi çəkisi cəmi 5.3% səviyyəsindədir və bunun da yarısı banklar tərəfindən yaradılmış ehtiyatlarla örtülür. 2013-cü ildə bank sistemi üzrə maliyyə nəticələri qənaətbəxş olmuş, mənfəətlə işləyən bankların sayı artmışdır. Bank sektoru üzrə aktivlərin gəlirliyi 2%, kapitalın gəlirliyi isə 15% təşkil edir.

MALİYYƏ VASİTƏÇİLİYİ.

2013-cü ildə bank sektorunun maliyyə vasitəçiliyinin dərinləşməsi davam etmiş, sistemin resurs bazası genişlənmişdir. Cari ilin 11 ayında bank sisteminin aktivlərində 22%, kredit qoyuluşlarında isə 25% artım olmuşdur. Dövr ərzində regionlara yönəlmiş kreditlərin həcmi 31%, özəl sektora kreditlər isə 25% artmışdır. Bankların kredit portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi 79%-ə yüksəlmişdir. İstehlak kreditlərinə yüksək tələbat müsahidə olunmuş, cari ilin 11 ayında istehlak kreditləri 37%-ə yaxın artmışdır. Faiz dərəcələrinin azalması meyli davam edir. Son 1 ildə manatla əmanətlər və kreditlər üzrə faizlər orta hesabla 1 faiz bəndinədək azalmışdır. Uçot dərəcəsindən əlavə 1 avqust tarixindən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 10%-ə endirilməsi də faiz dərəcələrinə azaldıcı təsir göstərmişdir. Bank sisteminə inam yüksəkdir. Əhalinin əmanətləri 25.5% (regionlarda 32%) artaraq 6.4 mlrd. manata çatmışdır ki, bunun da 70%-i sığortalanır. Hazırda ölkədə 3 milyondan çox əmanətçi vardır. Sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi də davam etdirilmişdir. 2013-cü ilin dekabr ayının əvvəlinə artıq 1621.7 min əmanət hesabı üzrə 600 mln. manata yaxın həcmdə vəsait ödənilmişdir. Xarici mənbələrdən bank sektoruna resursların cəlbi davam etmişdir. Bununla belə, xarici borc öhdəliklərinin bank resurslarında xüsusi çəkisi (19%) məqbul səviyyədədir. Maliyyə sektorunun regional əhatəsinin genişlənməsi davam etmiş, 41 bank filialı və 12 bank şöbəsi açılmış, qeyri-bank kredit təşkilatlarının sayı 139-dan 146-a qalxmışdır. Hazırda fəaliyyət göstərən 691 bank filialı və 142 bank şöbəsinin yarısı regionlardadır.Azərbaycan İpoteka Fondunun (AİF) və bankların öz resursları hesabına maliyyələşən ipoteka kreditləri 750 mln. manata çatmışdır. 2013-cü il ərzində verilən ipoteka kreditlərinin həcmi 35%, o cümlədən güzəştli ailələrə kreditlər 33% artmışdır. Nəticədə ipoteka kreditləri hesabına mənzil əldə edən ailələrin sayı 20 mini ötmüşdür. İpoteka kreditlərinin maliyyələşdirilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı bazardan cəlb edilən resurslar da mühüm rol oynamışdır. AİF-in xətti ilə verilmiş ipoteka kreditlərinin 60%-indən çoxu maliyyə bazarından cəlb edilmiş uzunmüddətli borc vəsaitləri ilə maliyyələşdirilmişdir. AİF-in bazardan cəlb etdiyi resursların həcmi 300 mln. manata çatmışdır. İpoteka kreditləşməsi prosesinin sadələşdirilməsi, bankların bu prosesdə fəaliyyətinin effektivliyini artırmaq məqsədilə iki mühüm institusional inkişaf layihəsi həyata keçirilmişdir. İpoteka kreditləşdirilməsi prosedurlarının, kredit öhdəlikləri üzrə ödənişlərin, bu sahədə klirinq və hesablaşmaların avtomatlaşdırılması məqsədilə “Elektron ipoteka sistemi” və “Elektron ödəniş və klirinq sistemi” yaradılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

Maliyyə sabitliyini təmin etmək üçün makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcəkdir. Bazel-3 standartlarının yerli şəraitə adaptasiyası təmin ediləcək, “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması davam etdiriləcəkdir. Maliyyə dərinliyinin artırılmasına yönəlmiş siyasət çərçivəsində bankların biznes modelinin yeni strateji inkişaf hədəflərinə uyğunlaşdırılması, faiz dərəcələrinin azalmasının təşviqi həyata keçiriləcəkdir. Bank-maliyyə infrastrukturunun, o cümlədən nağdsız hesablaşmalar sisteminin daha da inkişaf etməsi və dərinləşməsi üçün səylər artırılacaqdır.

2.1. 2014-cü ildə gözlənilən qlobal iqtisadi mühit.

Beynəlxalq maliyyə-kredit təşkilatları və aparıcı analitik mərkəzlər qlobal iqtisadi artımın 2014-cü ildə davam edəcəyəni proqnozlaşdırırlar. BVF-nun cari ilin oktyabr ayında açıqladığı son proqnozlara görə 2014-cü ildə qlobal iqtisadi artımın 3.6% olacağı gözlənilir. Bu, iyul ayında açıqlanmış artım proqnozundan 0.2% aşağı olsa da, 2013-cü ilin gözləntisi ilə müqayisədə 0.7% yüksəkdir. Analitiklər qlobal iqtisadi artımı məhdudlaşdıran amillərin tədricən zəifləyəcəyini, kövrək canlanmanın fəallaşma ilə əvəz olunacağını istisna etmirlər. Mövcud risklərin tam aradan qalxmaması şəraitində qlobal iqtisadi artımın davamlı xarakter alması üçün beynəlxalq maliyyə-kredit təşkilatları ölkə xüsusiyyətlərini nəzərə almaqla stimullaşdırma siyasətinin davam etdirilməsini tövsiyə edirlər. İnkişaf etmiş ölkələrdə monetar stimulların davam etdirilməsi iqtisadi artımı dəstəkləməklə yanaşı fiskal konsolidasiyanın da hamar getməsinə zəmin yarada bilər. Lakin, hesab olunur ki, qeyri-ənənəvi monetar siyasət uzunmüddətli dövr üçün effektiv deyil və dərin struktur islahatları aparmaq üçün yalnız vaxt qazanmağa imkan verir. Aşağı inflyasiya gözləntiləri şəraitində inkişaf etməkdə olan ölkələrdə də iqtisadi artım tempinin azalması riskindən qorunmaq üçün ilk növbədə monetar siyasətin yumşaldılması tövsiyə olunur. Bununla belə, inkişaf etməkdə olan ölkələr kapital axınlarının kəskin dəyişkənliyinə də hazır olmalıdırlar. Adekvat tənzimləmə alətlərindən, o cümlədən kapitalın hərəkətinə nəzarətdən istifadə, maliyyə sektorunun restrukturizasiyası və struktur islahatlarının davam etdirilməsi iqtisadi stimullaşdırma tədbirlərinin izafi hərarətlənmə effektlərini neytrallaşdıra bilər. Ümumilikdə, 2014-cü ildə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi aktivliyin və qlobal əmtəə bazarlarında qiymətlərin dəyişkən olacağı istisna deyildir. Neftin dünya qiyməti ölkənin tədiyə balansına əhəmiyyətli təsir göstərən amil kimi qalır. BVF-nun son proqnozlarına görə, 2014-cü ildə neftin 1 barrelinin orta dünya qiyməti 101.4 ABŞ dolları səviyyəsində gözlənilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

2.2. Ölkə iqtisadiyyatının proqnozları.

Orta müddətli dövrdə və 2014-cü ildə Azərbaycanın tədiyə balansında profisitin qalacağı gözlənilir. Mərkəzi Bankın proqnozlarına görə, 2014-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında əhəmiyyətli profisitin olacağı (ÜDM-in 15%-i qədər) və valyuta ehtiyatlarının artmaqda davam edəcəyi gözlənilir. Əlverişli xarici iqtisadi mövqe şəraitində nəzərdə tutulan sosial-iqtisadi siyasət növbəti ildə də ölkədə iqtisadi artımı təmin edəcəkdir. İqtisadi artımın aparıcı amili daxili tələb qalsa da, şaxələnmə strategiyası qeyri-neft sektorunun ixracını genişləndirməklə xarici tələbin də iqtisadi artımda fəallaşmasını tələb edir. Proqnozlara görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım tempi (5.2%) dünya və MDB üzrə orta artım tempini 2-2.5 faiz bəndi üstələyəcəkdir. Növbəti ildə də qeyri-neft sektorunda ikirəqəmli artım gözlənilir. Daxili investisiya fəallığının formalaşmasında dövlət investisiyaları mühüm rol oynayacaqdır. Məşğulluğun yüksəlməsi, əhalinin real gəlirlərinin artması və istehlak kreditləri istehlak tələbinin müsbət dinamikasını dəstəkləyəcəkdir. Daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. İxracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur. Bunun ən vacib şərtlərindən biri makroiqtisadi dayanıqlıq və sabitlikdir. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam adekvatdır. Neftin dünya qiymətlərinin dəyişkənliyi şəraitində bu, dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini mərhələlərlə optimallaşdırmağa imkan verir. Beləliklə, büdcə siyasətinin ən aktiv tsiklini uğurla başa çatdıran Azərbaycanın fiskal manevr siyasəti büdcə dayanıqlığını təmin etməkdən əlavə, həm də iqtisadi artımın yeni keyfiyyətdə baş verməsini nəzərdə tutur. Bu baxımdan 2014-cü ildə iqtisadi artımın keyfiyyəti məcmu tələbin strukturunda özəl və xarici tələbin rolunun yüksəlməsi ilə şərtlənəcəkdir. Növbəti il üçün pul siyasətinin istiqamətləri 2014-cü ilin makroiqtisadi proqnozları, iqtisadi siyasətin ümumi məqsədləri, habelə pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi zərurəti nəzərə alınmaqla formalaşdırılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

Tədiyə balansının profisiti manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacaqdır. Məzənnə siyasəti həyata keçirilərkən qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və maliyyə sabitliyinin qorunması hədəfləri də nəzərə alınacaqdır.Real effektiv məzənnənin əlverişli səviyyədə qalması üçün Mərkəzi Bank daxili inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsindən aşağı olmasına çalışacadqır. PUL TƏKLİFİ. 2014-cü ildə sərəncamındakı alətlərdən istifadə edərək Mərkəzi Bank pul təklifinin optimal səviyyəsinə nail olmağa çalışacaqdır. Pul təklifini tənzimləmək üçün faiz dəhlizi konsepsiyasına uyğun müəyyənləşdirilmiş dərəcələrlə izafi likvidliyin birbaşa tənzimlənməsi və sterilizasiya alətlərindən istifadə olunacaqdır. Pul kütləsinin artım tempinin azalması meyillərinin 2014-cü ildə davam etməsi inflyasiyaya azaldıcı təsir göstərən amillərdən biri olacadqır. Bu meyil büdcə xərclərinin stabilləşdirilməsi şəraitində müşahidə olunur. Şaxələnmə strategiyası həyata keçirildikcə, xarici investisiyalar və qeyri-neft ixracı pul kütləsinə təsir edən yeni monetar amillərə çevrilə bilər. Bu amillərin inflyasiyaya təsiri bir qayda olaraq, izafi likvidliyin qiymətli kağızlar vasitəsilə sterilizasiya olunmasına zərurət yaradır. Mərkəzi Bankda makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin bir neçə variantda tətbiqinin ssenariləri hazırlanmışdır. 2014-cü il ərzində qiymət artımının proqnozu üstələmək riski yarandığı təqdirdə, zəruri antiinflyasiya tədbirləri görüləcəkdir. Faktiki inflyasiyanın proqnozdan aşağı olması halında və ya qeyri-neft sektorundakı iqtisadi artım üçün risk yarandıqda isə pul siyasətinin yumşaldılması imkanları diqqətdə saxlanacaqdır.

MONETAR İDARƏETMƏ BAZASI.

2014-cü ildə Mərkəzi Bank pul siyasətinin tədqiqat bazasının gücləndirilməsi üçün makroiqtisadi modelləşdirmə sahəsində yeni intellektual məhsullar işləyəcək, mövcud modellərin metodoloji və informasiya çərçivəsini təkmilləşdirəcəkdir. İqtisadi artım, inflyasiya və məşğulluqla bağlı yeni tədqiqatlar aparılacaqdır. Eyni zamanda maliyyə sabitliyinin (risklər, hərarətlənmə və maliyyə “köpükləri”) təhlili üzrə yeni diaqnostik modellər qurulacaq, maliyyə vasitəçiliyi sahəsində aktual məsələlər tədqiq olunacaqdır. İqtisadi statistika və bazar konyunkturunun monitorinqinin inkişafı çərçivəsində dövlət qurumları və beynəlxalq təşkilatlarla effektiv informasiya mübadiləsi imkanlarına baxılacaqdır. İqtisadi tsikl və istehlakçı davranışları ilə bağlı yeni sosioloji tədqiqatlar aparılacaqdır. Mərkəzi Banka etimadı daha da yüksəltmək, adekvat gözləntilər formalaşdırmaq üçün pul və maliyyə sabitliyi siyasətinin ictimai kommunikasiyası diqqətdə saxlanacaqdır. BVF-nun “Pul və Maliyyə Siyasətinin Şəffaflığı üzrə Uğurlu Təcrübələr Məcəlləsi”nin prinsiplərinə uyğun olaraq Mərkəzi Bank öz fəaliyyəti barədə məlumatları icmallar vasitəsilə ictimaiyyətə çatdıracaqdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

PUL SİYASƏTİ ÇƏRÇİVƏSİ.

Qiymətlərin sabitliyinin təmin edilməsi mərkəzi banklar tərəfindən dayanıqlı iqtisadi artımın dəstəklənməsinin vacib şərtidir. Bunu nəzərə alaraq, 2014-cü ildə Mərkəzi Bank inflyasiyanın daha çevik idarə olunmasına imkan verən pul siyasəti rejiminin tətbiqi şərtlərinin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Orta müddətli dövrdə bu şərtlərin tədricən həyata keçməsi daha çevik məzənnə rejiminin tətbiqi imkanlarını artıracaqdır. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində təsir imkanlarının artmasının mühüm şərtidir. Lakin, bunun üçün iqtisadiyyatın maliyyə dərinliyinin artması, faiz dərəcəsinin iqtisadiyyata ötürücülüyünü təmin edən müvafiq makroiqtisadi və struktur amillərin formalaşması zəruridir. Bütövlükdə, Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini də tənzimləyəcəkdir. Bununla belə, inflyasiyanın səviyyəsi ən başlıca hədəf kimi çıxış edəcəkdir. Eyni zamanda son qlobal meyillərə uyğun olaraq pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması təmin olunacaqdır.

İNFLYASİYA PROQNOZU.

2014-cü il üçün təkrəqəmli aşağı inflyasiya makroiqtisadi siyasətin məqbul hədəfidir. Bunu nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcəkdir. Bunun üçün Mərkəzi Bank sərəncamında olan tənzimləmə alətlərindən istifadə edərək baza inflyasiyaya təsir göstərməyə çalışacaqdır. Dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri 2014-cü ildə inflyasiyaya təsir edən əsas amillərdir.Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirəcəkdir.

MƏZƏNNƏ SİYASƏTİ.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

2.4. Maliyyə sektorunun sabitliyi və inkişafı siyasəti.

Mərkəzi Bank növbəti ildə bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacacqdır.

PRUDENSİAL SİYASƏT.

Mərkəzi Bank 2014-cü ildə bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq potensialının gücləndirilməsinə, eləcə də xarici risklərdən asılılığın minimallaşdırılmasına yönəlmiş siyasətini davam etdirəcəkdir. Stabil makroiqtisadi vəziyyətdə banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlıq təmin olunacaqdır. Maliyyə dərinliyinin artması vəzifəsi ilə yanaşı bank sektorunun artımının iqtisadi artım tempinə uyğun olması mühüm prioritetlərdən biridir. Bank sekorunda artımın keyfiyyət parametrləri izlənəcək və sektorial diversifikasiya ümumi iqtisadiyyatın inkişaf trayektoriyasına uyğunlaşdırılacaqdır. Bu çərçivədə ayrı-ayrı kredit məhsullarının, o cümlədən istehlak kreditlərinin artım dinamikasının risk təhlillərinə xüsusi önəm veriləcək. İstehlak kreditləri üzrə risklərin preventiv tənzimlənməsi mühüm prioritet olacaqdır. Ümumən, bakların kredit aktivliyinin iqtisadi tsikldə optimal rolunun təmin olunması daim qiymətləndiriləcəkdir. Risk-əsaslı prudenisal nəzarətin yeni çərçivəsi çevik və effektiv nəzarət siyasətinin həyata keçirilməsi və nəzarət alətlərinin təkmilləşdirilməsinə imkan verəcəkdir. Hər bir risk növünün requlyativ tələblərlə əhatə olunması istiqamətində işlər davam etdiriləcək, sistem əhəmiyyətli bankların risk mövqeləri diqqətdə saxlanılacaqdır. Bankların institusional potensialının gücləndirilməsi, xüsusilə risk menecmentinin idarəetmə prioritetinə çevrilməsi üzrə işlər davam etdiriləcəkdir. Növbəti ildə kapitalizasiya tədbirləri davam etdiriləcək, kapitalın keyfiyyəti və risk əhatəliliyinin genişlənməsi diqqət mərkəzində saxlanılacaqdır. Əməliyyat risklərinin kapitalla adekvat örtülməsi təmin ediləcək, risklərin tənzimlənməsi və idarə edilməsi üzrə minimum tələblər müəyyənləşdiriləcəkdir. Maliyyə sabitliyinin qorunması və daha da möhkəmləndirilməsi üçün prudensial nəzarət alətlərinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Banklarda kredit risklərinin təmərküzləşməsinin minimallaşdırılması məqsədilə hüquqi çərçivə yenidən işlənəcəkdir. Formalaşmış kredit portfelinin keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə tədbirlər gücləndiriləcəkdir. İtehlak kreditləri üzrə yüksək “leverecləşmə”nin qarşısının alınması məqsədilə əhalinin ödəniş qabiliyyəti və istehlak kreditləşməsi arasında tarazlığın qorunması üçün yeni tənzimləmə tələbləri müəyyənləşdiriləcəkdir. Kreditləşmədə “borcun gəlirə” nisbəti əmsalı tətbiq ediləcək və Mərkəzi Bank tərəfindən bu əmsal üzrə maksimum hədd müəyyən ediləcəkdir. Bununla yanaşı, banklar tərəfindən “məsulliyyətli kreditləşmə” üzrə siyasət çərçivəsi tətbiq ediləcəkdir. Siyasət çərçivəsində banklardan istehlakçılarla müvafiq davranış prinsiplərinə riayət edilməsi, istehlakçılara gəlirlərinə uyğun məhsulların təqdim edilməsi, onlara məhsulların qiyməti ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması ilə bağlı tələblər sərtləşdiriləcəkdir. Bankların institusional inkişafını sürətləndirmək üçün risklərin idarə edilməsi sistemlərinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblərin yüksəldilməsi davam etdiriləcəkdir. Banklarda biznes modellərinə dair qərarların yalnız mənfəətlilik əsasında deyil, eyni zamanda uzunmüddətli dayanıqlı inkişaf hədəfləri nəzərə alınmaqla verilməsi təşviq ediləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

2.4. Maliyyə sektorunun sabitliyi və inkişafı siyasəti.

Mərkəzi Bank növbəti ildə bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacacqdır. Əhalinin maliyyə savadlığının artırılması tədbirləri davam etdiriləcək, o cümlədən maliyyə məsələləri ilə bağlı geniş izah edici və məlumatlandırıcı ictimai kampaniyalar təşkil olunacaq, intellektual və elektron resurslar inkişaf etdiriləcəkdir. Maliyyə savadlığı üzrə xüsusi kütləvi internet resursunun hazırlanmasına başlanacaqdır.

MALİYYƏ VASİTƏÇİLİYİ.

2014-cü ildə Mərkəzi Bank tərəfindən maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi sahəsində yeni tədbirlər proqramı həyata keçiriləcəkdir. Bank sektorunun iqtisadiyyatın şaxələnməsində rolunun daha da artırılması diqqətdə saxlanacaqdır. Kredit portfelinin strukturunun iqtisadiyyatın gözləntilərinə uyğunlaşıdırılması dəstəklənəcəkdir. Kredit təşkilatlarının davranış modellərinin ölkənin iqtisadi inkişaf modelinə uyğunluğu təşviq ediləcəkdir. Faiz dərəcələrində azalmanın davam etməsi üçün maliyyə resurslarının maya dəyərinə təsir göstərən amillər üzrə zəruri tədbirlər görüləcəkdir. Bank sistemində rəqabətin təşviqinin davam etdirilməsi, banklarda əməliyyat idarəetməsinin səmərəliliyinin yüksəldilməsi, maliyyə bazarlarının digər seqmentlərinin inkişafı, əhalinin və iqtisadi subyektlərin bank sekoruna yönələn resurslarının həcminin artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Faiz dərəcələrinin azalmasının stimullaşdırılması məqsədilə Mərkəzi Bank şaxələnməni dəstəkləyən və qabaqcıl standartlara uyğun yeni kreditləşmə alətlərinin inkişaf etdirilməsini nəzərdə tutur. Bütün bu tədbirlər bank sektorunda resurs bazasının genişlənməsinə və onların effektiv istifadəsi əsasında kredit faizlərinin azalması üçün iqtisadi və maliyyə şəraitinin gücləndirilməsinə yönəlib. Faiz dərəcələrinin azaldılması və izafi likvid resursların banklar arasında yenidən paylanması məqsədilə banklararası bazar infrastrukturunun təkmilləşdirilməsi üçün yeni mexanizm formalaşdırılacaqdır. Növbəti ildə də regionların maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının və mikromaliyyələşmə təşkilatlarının fəaliyyətinin genişləndirilməsi təşviq olunacaqdır. Qəbul olunacaq yeni strategiya çərçivəsində ölkə əhalisinin artan mənzil ehtiyaclarının ödənilməsi, uzunmüddətli və əlverişli ipoteka kreditləri hesabına mənzil əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu sahədə nümunəvi dünya təcrübələrindən yararlanmaqla müxtəlif, lakin effektiv inteqrasiya edilmiş mənzil təminatı formalarının işlənməsi və həyata keçirilməsi diqqətdə saxlanacadqır. Dövlət-özəl biznes tərəfdaşlığı əsasında bazara ucuz və eyni zamanda komfortlu mənzil təklifinin təmin edilməsi mənzil təminatının daha da yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əhalinin şəxsi yığımlarının mənzil təminatı məqsədləri üçün istifadəsini müxtəlif vasitələrlə stimullaşdırmaq yolu ilə əhalinin mənzil təminatında alternativ və tamamlayıcı yeni maliyyə mənbələrini formalaşdırmaq mümkündür. Bu məqsədlə əmanət-yaşayış-tikinti banklarının nümunəvi dünya təcrübələri əsasında inkişaf etdirilməsi mühüm prioritetlərdən biridir. Uzunmüddətli maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə özəl investorların ipoteka kreditləşməsi sisteminə cəlb edilməsi stratetji əhəmiyyət daşıyır. Bunun üçün bazar prinsipləri əsasında ipoteka kreditləşməsi və maliyyələşdirilməsi məhsullarının yaradılması istiqamətdə müvafiq işlər həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı.

2.4. Maliyyə sektorunun sabitliyi və inkişafı siyasəti.

Mərkəzi Bank növbəti ildə bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacacqdır. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də nağdsız ödənişlərin genişləndirilməsi üzrə fəaliyyət mühüm prioritetlərdən biri olacaqdır. Bu fəaliyyət çərçivəsində nəzərdə tutulan tədbirlər nağd pulun pul kütləsində xüsusi çəkisinin qabaqcıl ölkələrin səviyyəsinə endirilməsinə yönəlib. Bu çərçivədə xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə diqqət artırılacaqdır. “E-hökumət” layihəsi çərçivəsində yaradılmış “Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaqdır. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcəkdir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaqdır. Yekun. 2014-cü ildə milli iqtisadiyyatımız yüksək sürətlə artaraq, artım tempinə görə qlobal iqtisadiyyatın və MDB ölkələrinin orta artım tempini üstələyəcəkdir. Şaxələnmə prosesləri daxili tələb ilə yanaşı qeyri-neft ixracının da iqtisadi artımda rolunun artması üçün zəmin yaradır. Artım və şaxələnmə proseslərinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edəcəkdir. Bunun üçün Mərkəzi Bank inflyasiyanın hökumətin proqnozu – birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək verəcəkdir. Eyni zamanda bank sektorunda maliyyə dayanıqlığının qorunması təmin olunacaq, sektorun maliyyə dərinliyinin artırılması və maliyyə vasitəçiliyinin şaxələnməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.



Bankların Valyuta Kursları

Bankların Valyuta Kursları

Mərkəzi Bankın
Maliyyə məlumatları

AMB kursları
30.11.2020
1 ABŞ dolları 1.7000
1 Avro 2.0156
1 Rusiya rublu 0.0240
1 Avstriya dolları 1.3726
1 Funt sterlinq 2.4094
1 Türk lirəsi 0.2585
100 İran rialı 0.0047
1 Kanada dolları 1.3800
1 Küveyt dinarı 5.6725
1 Sinqapur dolları 1.2977
1 Ukrayna qrivnası 0.0607
100 Yapon yeni 1.5619
1 Gürcü larisi 0.6800
1 Zelandiya dolları 1.0131
1 Qazaxıstan tengesi 0.0038
1 Qırxizstan somu 0.0207
1 Polşa zlotısı 0.4109
1 Tayvan dolları 0.0561

 
Faiz dəhlizinin parametrləri
30.11.2020
Dəhlizinin aşağı həddi6.25 %
Dəhlizinin yuxarı həddi7.25%
Uçot faiz dərəcəsi6.75 %

 
Bank sektoru
01.08.2020
Kredit qoyuluşları (min.AZN)195202.80
Əhalinin əmanətləri (min.AZN)9164.70

 
Bank metalları
30.11.2020
1 t.u.Qızıl2684.1640
1 t.u. Gümüş26.6648
1 t.u Platin1350.6670
1 t.u Palladium3223.4975

 
Mərkəzi Bank
Pull bazarı
30.11.2020
Dövriyyədə olan notların həcmi
(mln.AZN)
370.00
Notlar üzrə son
faiz dərəcəsi
(faiz)
3.85%

 
Mərkəzi Bank Monetar göstəricilər
30.11.2020
Rəsmi Valyuta ehtiyatları həcmi(mln.USD)6400.90
MB Pul Bazarı
(mln.AZN)
12112.30

Webmail


Webmail

2020 © Naxçıvan Muxtar Respublikası İdarəsi. Bütün hüquqlar qorunur.